“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi yaradılmış İşçi qrupu 10 kitabdan ibarət ilk toplunu hazırlamışdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat veriblər. 1500 səhifəyə yaxın həcmdə olan toplu strateji yol xəritəsinin dörd əsas sektorunu, iki sosial sahəni və iqtisadi infrastrukturun üç istiqamətini əhatə edir. 10 kitabda cəmlənmiş material əsasən dünya təcrübəsində ən yaxşı və Azərbaycanın iqtisadi inkişafı üçün ən uyğun nümunələrdən ibarətdir. 10 kitabın yazılmasında İşçi qrupunun rəhbərliyi altında dünyanın və Azərbaycanın yüzlərlə qabaqcıl eksperti öz tövhəsini vermişdir.
Kitablar rəy verilməsi üçün Azərbaycan Respublikasının Baş nazirinə, müvafiq nazirlik, komitə və digər qurumlara təqdim edilmişdir.
Hazırda Strateji yol xəritəsinin Azərbaycana uyğunlaşdırılmış tövsiyyələri üzərində iş yekunlaşdırılmaq üzrədir.
Yekunda isə bir il üçün təfsilatlı yol xəritəsi, 2016–2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı son nəşrdə öz əksini tapacaqdır.
Qeyd edək ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupu Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. İşçi qrupunun rəhbəri Natiq Əmirov Prezidentin İqtisadi islahatlar üzrə köməkçisidir. İşçi qrupunun üzvləri maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev, İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və maliyyə nazirinin müavini Emin Hüseynovdur.