18 June 2016, 11:45

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir. Bu silsilədən növbəti tədbir 18 iyun 2016-cı il tarixdə Xaçmaz şəhərində Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər. İctimaiyyət nümayəndələri müzakirələrdə fəal iştirak edərək aqrar sektor, ərzaq sənayesi, turizm, ictimai iaşə və kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflərini veriblər. Qeyd edilib ki, bütün təkliflər sistemləşdiriləcək və müvafiq qaydada təhlil olunaraq nəzərə alınacaqdır.

Görüşdə əminliklə bildirilib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış mütəxəssislər, qərar qəbul edən şəxslər və ictimaiyyətin bütün təbəqələri ilə müzakirə olunduğuna görə təkmil bir sənəd olacaqdır.

Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar ​üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az