05 mart 2024, 16:21

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda (TTKF) keçirib. İnfosessiyada Fondun kreditindən yararlanmış tələbələr iştirak ediblər.

Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2” layihəsinin əhəmiyyətindən və gənc startapçılara təqdim etdiyi fürsətlərdən danışıb. Portalın layihə meneceri Nəzrin Əkbərova isə tələbələrə layihənin məqsədi, meyarları, ideyaların biznesə çevrilməsi imkanları haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

TTKF-nin rəhbəri Araz Paşayev “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” layihəsi ilə təhsil sahəsinə töhfələr verdiyini bildirib. O, təhsil tələbə kreditindən yararlanmış tələbələrin də bu növ layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Sonda “Enterprise Azerbaijan” və TTKF arasında tələbələrin kredit qismində əldə etdikləri dövlət vəsaitinin geri qaytarılması üçün gələcəkdə onların məşğulluğunun təmin olunması istiqamətində müxtəlif növ layihələr üzrə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az