04 mart 2024, 12:14

“Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” layihəsi ilə bağlı növbəti maarifləndirmə tədbiri bu dəfə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin rezidentləri olan startaplar üçün keçirilib.

Aqrar İnnovasiyalar Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin baş mütəxəssisi Nigar Xıdırova rezidentləri təqdim edərək, Aqrar İnnovasiyalar Mərkəzinin əsas fəaliyyət istiqamətinin kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə yeni, innovativ ideya, təklif və layihələrin bir mərkəzdə toplanması və koordinasiyası, əldə edilən nəticələrin təhlil edilməsi, özəl və dövlət təsərrüfatlarında tətbiqinin təşkili və təbliği olduğunu söyləyib.

Tədbirdə iştirak edən startaplar öz fəaliyyətləri və nəaliyyətləri haqqında geniş məlumat veriblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2” layihəsinin əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və gənc startapçılara təqdim etdiyi fürsətlərdən danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, innovasiya mədəniyyətini və texnologiya savadlılığını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.

Portalın layihə meneceri Nəzrin Əkbərova tələbələrə layihənin məqsədi, meyarları, ideyaların biznesə çevrilməsi imkanları haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda kənd təsərrüfatında mövcud problemlərin innovativ yolla həllinə dair yeni fikirlər ətrafında müzakirələr aparılıb, gənclərə aqrar sahədə həyata keçirilən yerli və beynəlxalq layihələrdə iştirak ilə bağlı tövsiyələr verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az