İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin və Rəqəmsal Ticarət Qovşağının rəhbərləri Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Təşkilatı Katibliyinin birgə təşkil etdiyi onlayn görüşdə iştirak ediblər. Görüşdə İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsinin (ERCNET) 2023-cü ildə həyata keçirdiyi layihələrdən, cari il üçün birgə planlaşdırılan tədbirlər barədə danışılıb. Bundan başqa Türk dünyası üzrə rəqəmsal ticarət və investisiyalar mövzusunda illik hesabatın nəticələrinin maraqlı tərəflərlə paylaşılması və hesabatdan irəli gələn təkliflərin icrası ilə bağlı mövzuların müzakirəsi baş tutub.
Onlayn müzakirə zamanı ERCNET-ə daxil olan rəsmi qurumların, beyin mərkəzlərinin və elmi-akademik dairələrin razılığı ilə 2024-cü ildə “Türk İqtisadiyyatları 2024 Hesabatı: Türk dövlətləri arasında nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi” adlı hesabatın yazılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, hesabatın hazırlanmasının əsas məqsədlərindən biri regionda nəqliyyat və enerji əlaqələrinin genişləndirilməsi ilə bağlı imkanlara və çağırışlara diqqət yetirməklə türk dövlətlərinin mövcud iqtisadi mənzərəsini təhlil etməkdir. Hesabat türk dövlətlərində mövcud nəqliyyat və enerji infrastrukturunun tədqiqini əhatə edəcək, əlaqələrin gücləndirilməsi üçün təkmilləşdirmə və investisiyaların əsas istiqamətlərini müəyyənləşdirməyə dəstək olacaq. Həmçinin, hesabat çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət yetirməklə, türk dövlətləri arasında iqtisadi artımın və ticarətin genişləndirilməsinin təşviqində çoxşaxəli və sıx əlaqənin potensialı qiymətləndiriləcək.