İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” layihəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil edib.
Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri Dos. Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri Dos. Hüseyn Hüseynov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, AMEA-nın gənc alimləri, doktorant və dissertantları, həmçinin AMEA-da təcrübə keçən müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbir çərçivəsində M.Musayeva portalın əsas fəaliyyəti və layihə haqqında görüş iştirakçılarına ətraflı məlumat verib, bu layihənin gənc startapçılara təqdim etdiyi imkanlardan danışıb. N.Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin hazırlanması və portal üzərindən qeydiyyatının aparılması prosedurlarını izah edib. “Enterprise Azerbaijan” portalının xarici təcrübəçisi Peter Balogh isə startaplarla bağlı öz təcrübələrini iştirakçılarla bölüşüb.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, layihəyə sənəd qəbulu 17 mart 2024-cü ilə qədər davam edir. Qeydiyyat üçün www.startupschool.az və ya https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil ola bilərsiniz.