Son zamanlar sərbəst satış sertifikatına beynəlxalq arenada marağın artması müşahidə edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının təqdim etdiyi bu sertifikat insan orqanizmi ilə birbaşa təmasda olan tibbi avadanlıqların, dərman vasitələrinin və qida məhsullarının xarici bazarlara ixracı zamanı bəzi ölkələr tərəfindən tələb olunan sənədlərdən biridir.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu sertifikat sadalanan kateqoriyadan olan məhsulların Azərbaycan Respublikasından ixracı zamanı tələb olunan zəruri sənədlər siyahısında yoxdur və könüllü xarakter daşıyır. “Buna baxmayaraq, bəzi ölkələrdə sərbəst satış sertifikatı zəruri sənədlər siyahısına daxil edilib. Bu da həmin ölkələrdə qida və dərman məhsullarının idxalı zamanı sərbəst satış sertifikatın mövcudluğunu mütləq şərt edir. Hazırda dünya ölkələrində bu sertifikata olan tələb artmaqdadır. Yəni hər il daha çox ölkə sərbəst satış sertifikatını qida və dərman məhsullarının idxalı üçün zəruri sənədlər siyahısına əlavə edir. Bəzi hallarda sertifikatın beynəlxalq adı regiona görə dəyişir. Buna misal olaraq “Free Sale Certificate” (FSC), “Certificate of Free Sale” (CFS) və “Free Sale Declaration” (FSD) kimi formaları qeyd etmək olar. Adların fərqli olmasına baxmayaraq, bunlar Azərbaycan Respublikasında “Azexport” portalı tərəfindən təqdim olunan sərbəst satış sertifikatı ilə eyni hüquqa malik sənəddir”,- deyə A.Qədəşov bildirib.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi 696 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionunun 100-dən artıq ölkəsinə məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.