İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin növbəti tanıtım tədbirini Azərbaycan Turizm və Menecment Universitetində keçirib. Universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova və portalın xarici təcrübəçisi Peter Balogh iştirak ediblər.
M.Musayeva “Enterprise Azerbaijan” portalının fəaliyyəti haqqında universitetin tələbələrinə məlumat verib, portalın əsas məqsədinin ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaq olduğunu vurğulayıb. O, “Startup School 2 - AI for Green Solidarity” haqqında danışaraq, layihənin yaranmasından, əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və bu layihənin gənc startapçılara verəcəyi töhfələrdən bəhs edib.
N.Əkbərova öz çıxışında layihələrini təqdim etmək istəyən tələbələrə ilkin müraciət forması, layihənin təsviri, qoyulan meyarlar, seçim qaydaları və seçimdən sonrakı mərhələlər haqqında ətraflı məlumat çatdırıb, eyni zamanda auditoriyanı maraqlandıran sualları cavablandırıb.
P.Balogh isə öz şəxsi startap təcrübəsini tələbələrlə bölüşərək, onlara öz ideyalarını reallaşdırmaq üçün cəsarətli olmalarını, mövcud imkanlardan istifadə edərək araşdırmalar aparmalarını tövsiyə edib.