22 fevral 2024, 14:07

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən İslahat Könüllüləri Təşkilatı öz sıralarına xaricdən də könüllülər cəlb etməyə başlayıb. Macarıstan və Qazaxıstandan olan iki tələbə İİTKM-in könüllülük proqramına qoşulub.

Macarıstanlı tələbə Peter Balogh Mathias Corvinus Collegium Universitetinin təqaüd proqramı ilə İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalında təcrübə keçir. O, “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsində mübadilə proqramları və innovasiyalarla bağlı tədqiqatlarda fəal iştirak edir. 

Digər könüllü isə Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Lütfiye İrem Özgerişdir. O, “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzində təcrübə keçir və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iqtisadi əlaqələri mövzusunda tədqiqatlarda fəal iştirak edir. 

Qeyd edək ki, 2016-cı ildə İİTKM-in nəzdində başlayan könüllülük fəaliyyəti Azərbaycanda “Könüllülər ili” kimi qeyd olunan 2020-ci ildə İslahat Könüllüləri Təşkilatına çevrilib. İndiyə qədər 500-dən çox könüllü İİTKM-in yaratdığı bu imkandan istifadə edib. İİTKM bundan sonra da yerli və beynəlxalq tələbələrin araşdırma və tədqiqatlarına töhfə verməyə hazırdır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az