İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirib. Tədbirdə tələbələrlə yanaşı, UNEC-in müəllim və professor heyəti də iştirak edib.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Portalın layihə meneceri Nəzrin Əkbərova portal üzərindən qeydiyyat prosesinin reallaşdırılması, komanda üzvlərinin seçilməsi və layihənin hazırlanması prosedurlarını izah edib. Portalın xarici təcrübəçisi Peter Balogh isə startaplarla bağlı təcrübələrini tələbələrlə bölüşüb.
Tədbir çərçivəsində keçirilmiş viktorina nəticəsində sual-cavab zamanı fəal iştirak edən tələbələrə İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti (BMU) ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub. Sonda tələbələrin sualları cavablandırılıb və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalı “StartUp School 2 – AI for Green Solidarity” layihəsini ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə həyata keçirir. Layihəyə sənəd qəbulu 2024-cü il fevral ayının 1-də başlayıb və martın 17-ə qədər davam edəcək.