16 fevral 2024, 15:39

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair “İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə hesabat barədə ümumi məlumat verib.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, işçi qrupunun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı iclas iştirakçılarına təqdim edərək, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib. 

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil" İşçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az