15 fevral 2024, 17:01

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatın “İqtisadi artım” İşçi qrupunda müzakirəsi keçirilib.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov hesabatı təqdim edib, hədəf indikatorları üzrə görülmüş işlər, çağırışlar və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib.

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

“İqtisadi artım” İşçi qrupunda İqtisadiyyat Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Elm və Təhsil, Energetika, Səhiyyə, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanəti Fondu, “Azərbaycan Hava Yolları”, "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı", "Azərenerji" QSC-nin müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri və Ələt Azad İqtisadi Zonanın səlahiyyətli qurumunun nümayəndələri təmsil olunurlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İqtisadi artım” İşçi qrupu da bu çərçivədə “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədlərinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az