31 yanvar 2024, 14:29

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına əsasən, 2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.

2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2023-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 783,9 milyon ABŞ dolları, Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (110,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (32,6 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (35,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (23,2 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (21,3 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 11,5 milyon ABŞ dolları olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “My Fruit” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Mors Trading” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə  19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə BƏƏ, 1 milyon ABŞ dolları ilə Almaniya və 724,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

2023-cü ilin yanvar-dekabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,2 milyard manat, yalnız dekabr ayında isə 202,7 milyon manat dəyərində əməliyyat aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az