“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun Hüquq və İnsan Haqları İnstitutunda maraqlı tərəflərlə (Mülki Məcəllənin 1-3-cü fəsillərini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərlə) hibrid formatda görüşü keçirilib.
Görüşdə maraqlı tərəf qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Notariat Palatasının, Vəkillər Kollegiyasının, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işçi qrupun üzvləri iştirak ediblər.
Görüş zamanı maraqlı tərəflərin Mülki Məcəllənin 1-3-cü fəsillərinin tətbiqi ilə bağlı təcrübədə qarşılaşdığı problemlər, bu problemlərin aradan qaldırılması, habelə Mülki Məcəllənin 1-3-cü fəsillərinə daxil olan müddəaların təkmilləşdirilməsinə dair təklifləri dinlənilib, işçi qrupun rəhbəri və üzvləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Görüşün yekununda maraqlı tərəflərin səsləndirdikləri təkliflər nəzərə alınmaqla işçi qrupun üzvləri tərəfindən özlərinin əsaslandırılmış təkliflərinin 29.01.2024-cü il tarixinədək işçi qrupun katibinə təqdim edilməsi qərara alınıb.