16 yanvar 2024, 14:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının rəhbərliyi ilə yazılan “Resurslarla zəngin iqtisadiyyatlarda dayanıqlı enerji mənbələrinə keçid hansı üstünlüklər yaradır? Azərbaycandan empirik anlayışlar” adlı elmi məqalə “Scopus" bazasına daxil olan və Q1-də sıralanan nüfuzlu “Beynəlxalq Enerji İqtisadiyyatı və Siyasəti Jurnalı”nda dərc olunub.

Professor V.Qasımlının iqtisad elmləri doktoru Ramil Hüseyn və iqtisad üzrə fəlsəfə doktoru Rəşad Hüseynovla birgə yazdığı məqalədə Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində həyata keçirilən fəaliyyətin siyasi, iqtisadi, sosial və ekoloji faydalarının olacağı elmi cəhətdən əsaslandırılır.

Qeyd edək ki, 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbir Azərbaycanda keçiriləcək. Eyni zamanda Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə cari il ərzində ölkəmizdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Adıçəkilən məqalə də bu prosesə töhfə vermək məqsədi daşıyır. Məqalənin nüfuzlu elmi jurnalda dərc olunması həm də Azərbaycanın nailiyyətlərinin təbliğinə xidmət edir.

Məlumat üçün bildirək ki, İİTKM tərəfindən Azərbaycanın yaşıl enerji siyasətinə dair hazırlanan daha iki məqalə “Scopus” bazasına daxil olan nüfuzlu jurnallar tərəfindən çap üçün qəbul edilib və qarşıdakı aylarda dərc olunacaq.

Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://doi.org/10.32479/ijeep.15016.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az