26 dekabr 2023, 10:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Qarabağ üçün süni intellekt” (AI for Karabakh) devizli “Startup School-2” layihəsi üzrə əsas tərəfdaşlar ilə görüş keçirilib.

Onlayn formatda baş tutmuş görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev, Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Nurlan Həmidli, Aqrar İnnovasiya Mərkəzinin department rəhbəri Nigar Xıdırova və “Azərkosmos”un əməkdaşı Murad Camalov iştirak ediblər.

Görüşdə tərəfdaşlar Qarabağda aparılan tikinti, təmir və bərpa işləri zamanı süni intellektdən istifadə imkanlarını müzakirə ediblər. Nəticədə aidiyyəti qurumların müvafiq məlumatlarının və bu məlumatların emalı, o cümlədən səmərəli şəkildə nəticələndirilməsi zamanı süni intellektin tətbiqi imkanları ilə bağlı təkliflərin “Enterprise Azerbaijan”a təqdim edilməsi qərara alınıb.

Görüşdə əməkdaşlıq çərçivəsində tərəfdaşları maraqlandıran müxtəlif istiqamətli məsələlər müzakirə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az