İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda üçüncü dəfə keçirilən Karyera İnkişaf Forumunda iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutan Azərbaycan Karyera İnkişaf Forumuna əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları qatılıblar.
Bu dəfə “Yenilikləri fürsətə çevir” devizi ilə keçirilən Forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.