İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 821,7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metallardan hazırlanmış məmulatların ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib.