İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar İndoneziya Respublikasına Azərbaycan istehsalı olan on adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.
Ümumilikdə 2018 - ci ilin aprel ayından 2023 - cü ilin noyabr ayına kimi 684 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.
Qeyd edək ki, Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az platformasına onlayn olaraq müraciət edə bilərlər.