17 noyabr 2023, 12:11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunan Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda (SME World Forum 2023) “Azərbaycanda kiçik sahibkarlıq və biznes siyasəti” adlı paneldə moderatorluq edib. Panel müzakirəsi zamanı, Azərbaycanda sahibkarlıq mühiti, KOB-lara dövlət dəstəyi mexanizmləri, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlər, beynəlxalq maliyyə institutlarının KOB-lar üçün nəzərdə tutduğu maliyyə dəstək alətləri, yerli sahibkarların dünya bazarına çıxmasında diplomatik korpusların və beynəlxalq təşkilatların rolu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycanda kiçik sahibkarlıq və biznes siyasəti” adlı paneldə həmçinin, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB), İqtisadiyyat Nazirliyinin nümayəndələri, Koreyanın BMT-dəki keçmiş səfiri və BMT-nin İqtisadi və Sosial Şurasının 71-ci prezidenti, AYİB-in Kiçik Biznes İnvestisiya Komitəsinin rəhbəri çıxışlar ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az