15 noyabr 2023, 10:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinə səfəri çərçivəsində xarici şirkət nümayəndələri ilə danışıqlar aparıb.

Portal rəhbərinin Çində Kombodianın Ticarət nazirliyinin dövlət katibi Çi Rasa ilə görüşü baş tutub. Görüşdə Azexport portalının iş prinsipi təqdim olunub. Bununla yanaşı, portalın “Metaverse” texnologiyasının tətbiqi üzrə gördüyü işlər və növbəti mərhələlər barədə məlumat verilib.

Çi Rasa “Azexport” portalı nümunəsinin elektron ticarətə yeni yanaşma gətirdiyini bildirib. O, yenilikləri beynəlxalq bazarlarda məhsulların təmsil olunması və yeni sifarişlərin alınması baxımından uğurlu nümunə adlandırıb. Dövlət katibi bu təcrübənin dövlət - özəl tərəfdaşlığı üçün önəmli addım olduğunu, həmçinin ixrac coğrafiyasının genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb və bu təcrübənin Kombodiada da tətbiqində maraqlı olduqlarını bildirərək, təcrübə mübadiləsi üçün əməkdaşlığın genişləndirilməsini təklif edib.

Portal rəhbəri lazer və robot texnologiyası, alternativ enerji, maşınqayırma və sənayenin digər istiqamətləri üzrə ixtisaslaşan “HANS Laser” şirkətinin biznes meneceri Vişinq Jou ilə görüşüb. Görüşdə şirkət nümayəndəsinə Azərbaycanda mövcud olan azad iqtisadi zonalar barədə məlumat verilib, həmçinin investisiya imkanlarından danışılıb.  Şirkət nümayəndəsi hazırda regionun alternativ enerji və lazer texnologiyaları üzrə ciddi potensiala malik olduğunu və bu istiqamətdə şirkətin genişlənməsində maraqlı olduqlarını qeyd edib. O, araşdırmalar apardıqlarını, yaxın müddətdə alternativ enerji və lazer texnologiyaları üzrə imkanların tədqiqi üçün Azərbaycana səfər etməyi planlaşdırdıqlarını qeyd edib.

A. Qədəşov elektron ticarət və loqistika xidmətləri təklif edən “DHGate” şirkətinin baş ofisində olub. Portal rəhbəri şirkətin beynəlxalq əlaqələr departamentinin rəhbəri Linxiu Mey və digər əməkdaşları ilə görüşüb. Görüşdə Azərbaycanın elektron ticarət sahəsində həyata keçirdiyi layihələr o cümlədən, “Azexport modeli”nin iş prinsipləri barədə danışılıb, şirkət nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinin paytaxtı Pekin şəhərində Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center- ITC) və Beynəlxalq Biznes Rəsmiləri Akademiyasının (Academy for International Business Officials - AIBO) təşkilatçılığı ilə keçirilən “İnkişaf üçün e-ticarət” (“e-Commerce for Development”) adlı təlimdə Azərbaycanı təmsil edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az