İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Bakıda öz işinə başlayan VII Beynəlxalq Bankçılıq Forumunda ("IBF-2023") açılış nitqi ilə çıxış edib.
Əsas müzakirə mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" olan beynəlxalq forum "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Mərkəzi Bankı, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.
Tədbir iki gün ərzində panellərə bölünərək "İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi", "Özünəxidmətin yeni sərhədi", "Maliyyə texnologiyaları və trendlər", "Ödənişlərin təkamülü: minimum təmasa doğru", "Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası", "Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları", "ESG bankçılığı", "Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada pul köçürmələri" mövzularının müzakirəsi ilə davam edəcək.