İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Qarabağda iqtisadiyyat altı əsas istiqamət və dörd əsas ağırlıq mərkəzi üzrə dövlət-özəl partnyorluğu ilə inkişaf etdiriləcək: “Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir. Hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz töhfə verəcəkdir. 167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də, Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 faiz, emal sənayesinə isə 4,3 faiz ola bilər.
Cəbrayıl rayonu nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşir. Qarabağ bölgəsinin Azərbaycanda nəqliyyat xidmətlərinə olan təsiri 4,9 faiz qiymətləndirilir. Şuşa nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcək. Qarabağ bölgəsinin ən iri şəhəri 70 minlik – Ağdam şəhəri isə bölgənin yüngül sənaye və xidmət mərkəzi funksiyasını daşıya bilər.
Qarabağ bölgəsində 0,5 GVatt külək, 0,7 GVatt su və 4 GVatt günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır. Xudafərin, Qız Qalası, Suqovuşan stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır.”
V.Qasımlı bildirib ki, Qarabağda təhlükəsizliyin təmin olunması, o cümlədən, minalardan təmizlənmə və infrastrukturun yaradılması istiqamətində əsas yük dövlət büdcəsinin üzərinə düşsə də, beynəlxalq inkişaf partnyorları, özəl sektor və diaspora sərmayələri iqtisadiyyatın canlandırılmasında həlledici ola bilər. Həmçinin 2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər.