31 oktyabr 2023, 11:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları ilə işçi qaydada görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Səbinə Cumazadə iştirak ediblər.

R.Hüseyn “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsi prosesi barədə məlumat verib və proqramda 2022-ci il üzrə nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilmə hesabatının aidiyyəti üzrə təqdim olunduğunu bildirib. İcraçı direktorun müavini hazırda Dövlət Proqramının 2023-cü il üzrə nəticəəsaslı monitorinq və qiymətləndirilməsinin aparılması zamanı qəbul olunmuş indikator cədvəlində nəzərdə tutulan dəyişikliklərin müzakirə olunduğunu qeyd edib.

AQTA və AQTİ-nin əməkdaşları aidiyyəti qurumlar tərəfindən tədbirlərin icrası zamanı sözügedən indikatorlar üzrə üzləşilən əsas problemləri səsləndiriblər, dəyişikliklərin səbəblərini açıqlayıblar. Görüşdə sözügedən Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq qoyulmuş məqsədlərə effektiv nail olma istiqamətində proqramın icrası və monitorinqi zamanı qarşıya çıxan çağırışların həlli ilə bağlı konstruktiv müzakirələr aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az