İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Qazaxıstanın Almatı şəhərində “Antikorrupsiyaya strateji, təşkilati və hüquqi yanaşmalar” mövzusunda keçirilən seminarda iştirak edib. Seminar Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bir həftə davam edən seminarda korrupsiyanın iqtisadi təsirlərinin qiymətləndirilməsi, ona qarşı mübarizə üçün islahat məqsədlərinin və əsas prioritetlərin müəyyən edilməsi, aparılan islahatların planlaşdırılması, monitorinq və qiymətləndirilməsi, açıq informasiyaların əhəmiyyəti və institutların rolu mövzularında məruzələr dinlənib və iştirakçı ölkələrin nümunələrində aktiv müzakirələr keçirilib.