12 oktyabr 2023, 16:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə keçirilən “Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” adlı tədbirdə iştirak ediblər.

A.Qədəşov bildirib ki, rəqəmsallaşma əksər dünya ölkələri üçün prioritet istiqamətlərdəndir. “Dünyada səhiyyə, təhsil, sosial və iqtisadi sahələrdə rəqəmsallaşmanın tətbiqi sürətlə genişlənir. Ölkəmizdə də bu sahəyə ciddi dəstək göstərilir. Bu məqsədlə müxtəlif dövlət proqramları qəbul olunur və yeni layihələr həyata keçirilir. Buna misal olaraq sahibkarların xarici bazarlarda rəqəmsal platformalar vasitəsilə çıxışının təmin olunması və ölkə ərazisində istehsal olunan məhsulların dünyanın istənilən nöqtəsində onlayn formada marketinqinin aparılması üçün “Azexport.az” internet portalının yaradılması kimi rəqəmsal təşəbbüsləri qeyd etmək olar”,- deyə A.Qədəşov bildirib. Daha sonra o, İİTKM-in ərsəyə gətirdiyi “azerp.az” portalının ən son rəqəmsal imkanlarla yenilənməsi istiqamətində GIZ ilə birgə həyata keçiriləcək layihə haqqında məlumat verib.

Qeyd edək ki, GIZ-in dəstəyi ilə təkmilləşdirilməsi nəzərdə tutulan “Azerp” internet platforması sahibkarlara müəssisə resurslarının idarə olunması üçün rəqəmsal imkanlar təqdim edir. Portalın imkanlarından istifadə etməklə sahibkarlar anbar, logistika, insan resursları və elektron ticarət kimi 50-dək istiqamət üzrə imkanlardan faydalana biləcəklər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az