İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 697 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon ABŞ dolları və ya 26,5 faiz artıb.
2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.
2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 milyon, Rusiyaya 188,5 milyon, İsveçrəyə 68,2 milyon, Gürcüstana 53,5 milyon və ABŞ 23 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin aprel ayı Azərbaycanın ümumi ixracı 3,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 195,4 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (58,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (53,2 milyon ABŞ dolları) və İsveçrə üçüncü (23,3 milyon ABŞ dolları) olub.
2021-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (27,8 milyon ABŞ dolları) birinci, qızıl (21,2 milyon ABŞ dolları) ikinci və pomidor (21 milyon ABŞ dolları) üçüncü olub.
2021-ci ilin yanvar-aprel ərzində meyvə-tərəvəz ixracı 131,5 milyon, pambıq lifi ixracı 97 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 milyon, pambıq ipliyi ixracı 15,2 milyon, kimya sənayesi məhsullarının ixracı 13,1 milyon, şəkər ixracı 13,3 milyon, bitki heyvan mənşəli piylər və yağlar ixracı 11,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,1 milyon və çay ixracı 3 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Metal Trader LTD" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Critical Fruit” və “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Caspian Geo" MMC, "Azəripək" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2021-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-aprel ayları ərzində “Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə isə ABŞ (5,1 milyon ABŞ dolları), Malayziya (3,6 milyon ABŞ dolları), Birləşmiş Krallıq (3,3 milyon ABŞ dolları), Fransa (2,8 milyon ABŞ dolları) və BƏƏ (579 min ABŞ dolları ilə) qərarlaşıb.
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül davam etməkdədir. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 112,2 milyon manatlıq əməliyyat aparıblar. 2021-ci ilin aprel ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 28,3 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2021-ci ilin aprel ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. 2021-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 164,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin aprel aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, biyan kökü, pambıq yağı, toyuq yumurtası, çay, mühərrik yağı, şərab, tikinti materialı, qənnadı məhsulu, bal, alma, tekstil, nar şirəsi, zəfəran, noxud, enerji içkisi və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 aprel tarixinə kimi (52 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 359 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15,3 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin may ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 553 milyon ABŞ dolları təşkil edib.
"İxrac İcmalı" ilə ereforms.gov.az saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.