Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı bərpa prosesində könüllülük və bərabər hüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün yaradılmış vahid institutdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva bildirir ki, beynəlxalq təcrübədə post-konflikt bərpa fondları münaqişə nəticəsində dəymiş ziyanın təhlili, post-konflikt ərazilərinin minalardan təmizlənməsi, infrastrukturun bərpası, səhiyyə və təhsil kimi xidmətlərin bərpası, məcburi köçkün icmalarının evlərinə qaytarılması, iqtisadi bərpa kimi bir çox məsələləri əhatə edir. Bu Fərmanla yaradılan “Qarabağ Dirçəliş Fondu” bütün bu məsələləri əhatə etməklə geniş funksionallığa malikdir. Fərmanda da göstərilir ki, Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.
Digər tərəfdən yaradılan yeni Fond 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olacaq.
Post-konflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə, bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi bu prosesi sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Post-konflikt dövründə dövlət və özəl əməkdaşlığının (public-private-partnership) Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resursları sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl institutların bu prosesə cəlb olunması iqtisadi bərpa prosesini həm tezləşdirə və eyni zamanda qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər.
Fondun əsasnaməsində yer alacaq əsas məsələlərdən biri maliyyələşmə mənbələri ilə bağlıdır. Fərmana əsasən “Qarabağ Dirçəliş Fondu”nun əsas maliyyə vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcəkdir. Məlum olduğu kimi, erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtması, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etməsi, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın və iqtisadi inkişafın qayıtması böyük vəsait tələb edir. Dövlət büdcəsinin resurslarının məhdud olduğunu nəzərə alsaq bu prosesdə büdcədən kənar vəsaitlərin də cəlb olunması Qarabağa qayıdışımızı sürətləndirəcək. Qarabağın yenidən qurma proqramı beynəlxalq maliyyə qurumlarının, yerli və xarici investorların, kommersiya banklarının vəsaitlərinin bu prosesə cəlb olunmasını tələb edir.
Baş analitik Günay Quliyeva bildirir ki, dünya təcrübəsinə əsasən post-konflikt ərazilərinin bərpası proqramlarında keçmiş münaqişə zonalarının yenidən canlandırılmasında əsas mənbə daxili hərəkətverici qüvvələrin səfərbər olunmasıdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən yerli iqtisadi iştirakçılar bərpa planında mühüm rol oynamalıdırlar. Onlar xarici agentlərin maliyyəşdirilməsini passiv şəkildə gözləməməlidir. Əksinə daha qətiyyətli, daha çox çalışqanlıq və innovativlik göstərərək özləri də əlavə dəyər yarada bilərlər. Bu zaman Fond ən yaxşı vasitəçi rolunu oynayacaq. Belə ki, yerli sahibkarların, investorların Qarabağa yatırmaq istədiyi vəsaitlərə koordinasiya funksiyasını yerinə yetirəcək.
Beynəlxaq təcrübə göstərir ki, beynəlxalq təşkilatlar, özəl sektor, qeyri hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və s. kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edirlər. Bu aspektdən iqtisadi bərpa prosesinə xarici donorları da cəlb edə bilərik. Bir çox beynəlxalq maliyyə qurumlarının post-konflikt bərpa dövrü ilə bağlı proqramları var. Maraqlı məsələlərdən də biri budur ki, bu maliyyə qurumlarının dəstək paketləri hər biri özünənməxsus sahələri əhatə edir. Qarabağın bərpa prosesi də çoxşahəli olduğu üçün biz müxtəlif qurumların maliyyə dəstəyini dəyərləndirə bilərik. Məsələn, Beynəlxalq Valyuta Fondu daha çox post-konflikt ölkələrində iqtisadi artımın təmini və yoxsulluqla mübarizə proqramları həyata keçirdiyi halda, Dünya Bankı infrastruktur layihələrinə, təhsil və səhiyyə sahəsinin bərpasına daha çox fokuslanır. Avropa Yenidən Qurma və İnkişaf Bankı daha çox nəqliyyat, bank sektoru və kiçik sahibkarlığa maliyyə dəstəyi edir. Asiya İnkişaf Bankı isə məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması, post-konflikt ərazilərində səhiyyə məsələləri və yoxsulluqla mübarizə proqramlarının əsas maliyyələşmə mənbəyi kimi çıxış edə bilər.
G.Quliyeva hesab edir ki, Qarabağın bərpası prosesində bir çox ölkələrdə tətbiq olunan diaspora-investisiya modelindən də istifadə edə bilərik. Bu investisiya modelinin əsas üç - “maliyyə gəliri”, “sosial status” və “emosional motiv” adlı motivləri Azərbaycan diaspor üzvlərinin bir çoxunda var. Vətən müharibəsi zamanı diaspor üzvlərinin informasiya müharibəsində verdiyi dəstəyin davamı olaraq, xaricdə yaşayan azərbaycanlılar Qarabağın bərpasında da yaxından iştirak etmək istəyirlər. “Qarabağın Dirçəliş Fondu” bu dəstəyə mərkəzləşmiş, koordinasiyalı və şəffaf formada idarəetməni həyata keçirəcək.
Fondun maliyyə mənbələrindən biri də yaxın dövrdə dövlət təminatı ilə dövriyyəyə buraxılması nəzərdə tutulan Qarabağ istiqrazları ola bilər. Xalq üçün mənəvi dəyərini də nəzərə alsaq, istiqrazların tədavüldə uğurlu olacağı gözləniləndir. Qarabağ istiqrazlarının satışından əldə olunan vəsait bərpa prosesində əhəmiyyətli rol oynaya bilər.
Dövlət Qarabağın bərpası ilə bağlı baza tədbirlərinə - ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təminatı, ilkin mərhələdə zəruri infrastrukturun qurulması yolların-çəkilməsi, kommunikasiya xəttlərinin bərpası və s. kimi proseslərə hələ müharibə tam bitmədiyi günlərdən başlayıb. İşğaldan azad olunmuş ərazilərin yenidənqurma proqramı yalnız dövlətin iqtisadi resursları hesabına edilməsi, bu prosesi uzada bilər. Ona görə də işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması prosesində dövlət-dövlət, dövlət-özəl, dövlət-vətəndaş və dövlət-donor əməkdaşlığı zəruridir.
İİTKM-in baş analitiki xatırladır ki, 2020-ci ilin 21-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iqtisadiyyatın yeni mərhələsinə steykholder kapitalizmi - maraqlı tərəflər kapitalizmi mərhələsinə keçilməsi haqqında fikirlər səsləndirilmişdi. Bu gün “Qarabağ Dirçəliş Fondu”nun timsalında post-konflikt bərpa prosesinə bütün maraqlı tərəflərin cəlb edilməsi elə bu qlobal çağırışlara cavabdır.
G.Quliyevanın qənaətincə Qarabağın bərpa prosesinə cəlb olunan hər bir manat multiplikativ effektlə özündən daha böyük dəyər yaratmaqla, nəinki həmin ərazilərdə, ümumilikdə ölkə üzrə iqtisadi aktivliyin, məcmu tələbin artmasını və nəticədə iqtisadiyyatın inklüziv inkişafını təmin edəcəkdir.