23 avqust 2023, 13:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini icra edən Ayhan Satıcı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfərinin iqtisadi əhəmiyyətini şərh edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşən bu səfəri iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etməsinin təzahürü olmaqla yanaşı, türk dünyasında cərəyan edən siyasi-iqtisadi hadisələrin regional istiqamətdə də yeni bir mərhələyə daxil olmasının sübutu kimi dəyərləndirib.

A.Satıcı bildirib ki, Azərbaycan və Özbəkistan dövlət başçılarının mətbuata bəyanatları da hər iki ölkənin münasibətlərinin və strateji müttəfiqliyinin yaxın gələcəkdə çoxşaxəli şəkildə inkişaf etdiriləcəyini bir daha göstərdi. Xüsusilə də “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”, sənaye, energetika, mədəniyyət, nəqliyyat və digər sahələr üzrə müvafiq sənədlərin imzalanması bu strateji müttəfiqliyə dəlalət edir. Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir”,- deməklə perspektiv inkişafı daha aydın ortaya qoymuş oldu.

Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamikliyin artmasını müşahidə etmək mümkündür. Tarixən Mərkəzi Asiya ölkələri və Azərbaycan qarşılıqlı şəkildə həm siyasi, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə Avrasiya regionu üçün aparıcı qüvvəyə sahib olub. O cümlədən, Özbəkistan Mərkəzi Asiyada lokomotiv ölkə olaraq, bu regionda mövcud strateji tərəfdaşlıqlara, prioritet sahələrin inkişafına, o cümlədən regionda nəqliyyat xətləri, ticarət qovşaqları və meqalayihələrin implementasiyasına xüsusi diqqət yetirir və bu prosesdə aktiv şəkildə iştirak edir. 

TDAM rəhbərinin sözlərinə görə, səfər hər iki ölkənin iqtisadi əməkdaşlığı inkişaf etdirmək və ortaq imkanlardan maksimum istifadə etmək öhdəliyini vurğulayır. Özbəkistan və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi sinerji üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Özbəkistanın ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Özbəkistan da daxil olmaqla, digər Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışına daha bir arteriya əlavə etməyi nəzərdə tutur.

Son dövrlərdə Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin inkişafı məqsədilə bir sıra strateji tərəfdaşlıq sənədlərinin imzalanmasını xüsusi olaraq vurğulamaq lazımdır. Həm ölkə başçıları səviyyəsində, həm də müvafiq dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı hər iki ölkə arasında ikitərəfli investisiya qoyuluşunun artırılması, ticarət əlaqələrinin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi qarşıya qoyulan məqsədlərdəndir. Bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır.

Həmçinin, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını əks etdirən statistik rəqəmlər də ticarətdə artım tempini aydın göstərir. Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2020-2021-ci illərdə 36% artaraq 111,9 milyon ABŞ dolları, 2021-2022-ci illər üzrə isə 63,8% artaraq 183,3 milyon ABŞ dolları həcmində olub. Azərbaycanın Özbəkistana ixracı 2016-cı il ilə müqayisədə 2022-ci ildə 14 dəfəyə qədər artıb və 46,45 milyon ABŞ dolları həcmində olub. O cümlədən, Özbəkistan məhsullarının Azərbaycana idxalı 2022-ci ildə 136,85 milyon ABŞ dolları həcmində qeydə alınıb. Buna baxmayaraq, mövcud rəqəmlərin artırılması üçün hələ də böyük imkanlar var.

Bütün bunların kontekstində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, yeni investisiya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərimizin investisiya cəlbediciliyi imkanlarının yüksək olması bu kimi strateji addımların təsir dairəsini də genişləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisini isə həm mədəni, həm sosial, həm də iqtisadi baxımdan dəyərləndirmək mümkündür. Həmçinin, bu məktəb Qarabağın yenidənqurma və bərpa işlərində xarici dövlət tərəfindən edilən ilk hədiyyədir.

Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar vasitəsilə əlaqələr daima inkişaf edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistan digər türk dövlətləri ilə birgə sosial, iqtisadi, siyasi, mədəni, hərbi və texnoloji sahələrdə ortaq hədəflərə və prioritetlərə xidmət edir. 4 823,5 min km2 əraziyə, 173,8 milyon nəfərdən çox əhaliyə, 1383 milyard ABŞ dolları həcmində ÜDM-yə, 855,7 milyard ABŞ dolları həcmində xarici ticarət dövriyyəsinə malik olan türk dövlətləri TDT çərçivəsində dərin inteqrasiya potensialına sahibdirlər. Bunun nəticəsidir ki, “Turkic World Vision-2040” strateji sənədi və TDT-nin 2022-2026-cı illər üçün Strategiyası Azərbaycan və Özbəkistan daxil olmaqla, digər türk dövlətlərini də bir araya gətirir və yaxın perspektivdə Avrasiya regionunda geoiqtisadi və geosiyasi ağırlıq mərkəzlərinin formalaşmasında türk dövlətlərinin rolunu əhəmiyyətli dərəcədə həlledici edir.

Qeyd edək ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri ərəfəsində Özbəkistanın beyin mərkəzlərinin, ayrı-ayrı dövlət qurumları və nazirliklərinin nümayəndələri Azərbaycana səfər həyata keçiriblər. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və bu islahatların təhlili ilə yanaşı, dövlət proqramları, yol xəritələri və strategiyaların monitorinq və qiymətləndirilməsi sahəsində görülən işlərlə yaxından tanış olublar və bu təcrübədən Özbəkistanda da faydalanmaq imkanlarını araşdırıblar. Bu da bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatların effektivliyi ölkə hüdudlarından kənarda, eləcə də qardaş ölkələrdə də maraqla izlənir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az