İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT İnkişaf Proqramı (UNDP) Qlobal Qiymətləndirmə həftəsi çərçivəsində “Dövlət idarəçiliyinin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu: Azərbaycan təcrübəsi” mövzusunda vebinar təşkil edib.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramının (UNDP) və Qlobal Qiymətləndirmə Təşəbbüsünün dəstəyi ilə beynəlxalq ənənəvi “Glokal Qiymətləndirmə Həftəsi” tədbiri 31 may - 4 iyun tarixində keçiriləcək. Tədbirdə qlobal ictimaiyyət ölkələrinin və iqtisadiyyatların COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılmasında monitorinq və qiymətləndirmənin rolu məsələsi əsas müzakirə mövzusu olub.
Azərbaycan da təşəbbüsə qoşulub və dövlət idarəetməsini təkmilləşdirmək üçün monitorinq və qiymətləndirmədə potensialın artırılması ilə bağlı ölkə təcrübəsini bölüşüb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi Alessandro Fracassettinin həmsədrliyi ilə Azərbaycana həsr olunan iclasda 400-dən çox beynəlxalq mütəxəsislər, monitorinq və qiymətləndirmə sahəsindəki dövlət məmurları və media nümayəndələri iştirak edib.
Tədbirdə Vüsal Qasımlı “Dövlət idarəetməsinin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu: Azərbaycan təcrübəsi” adlı təqdimatla çıxış edib və iştirakçılara Azərbaycanın uğurlu iqtisadi və idarəetmə islahatları, Mərkəzin monitorinq və qiymətləndirmə institutu kimi fəaliyyətləri barədə məlumat verib. İnkişaf tərəfdaşlarının, UNDP, Dünya Bankının və digərlərinin Azərbaycanda çox qısa müddətdə qabaqcıl milli qiymətləndirmə sisteminin qurulmasında rolunu yüksək qiymətləndirib və xüsusilə M və Q metodologiyasının hazırlanması və Strateji Yol Xəritələrinin monitorinqi və qiymətləndirilməsi çərçivəsindəki dəstəyinə görə UNDP mütəxəssislərinə təşəkkür edib. Vüsal Qasımlı Mərkəzin Strateji Fəaliyyət Planının hazırlanmasında UNDP tərəfindən göstərilən texniki dəstəyi yüksək qiymətləndirib və gələcəkdə BMT İnkişaf Proqramı ilə monitorinq və qiymətləndirmə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycanda monitorinq və qiymətləndirmə üzrə mövcud potensial, hüquqi bazanın yaradılması və institusional quruculuq, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması və nəşr edilməsi, dövlət proqramının monitorinq və qiymətləndirmə qaydalarının qəbul olunması barədə iştirakçıları məlumatlandirıb. Eyni zamanda ölkədə monitorinq və qiymətləndirmə üzrə potensialın quruculuğuna UNDP-nin verdiyi dəstək, digər strateji inkişaf sənədləri və dövlət proqramlarının hesabatlarının hazırlanmasına başlanılması və Azərbaycanda monitorinq və qiymətləndirmə industriyasının gələcək inkişaf perspektivləri və dövlət idarəetməsinin təkmilləşdirilməsinin faydaları barədə məlumat verib.
Müzakirələr zamanı yerli və beynəlxalq mütəxəsislərin tədqimatları dinlənilib və Azərbaycanın monitorinq və qiymətləndirmə sahəsində ölkə təcrübəsinə dair beynəlxalq auditoruya nümayəndələri ilə müzakirələr aparılıb.