17 avqust 2023, 09:40

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyaya işgüzar səfər edib. O, səfər çərçivəsində bu ölkənin hökumət və parlament, həmçinin beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.

Estoniyanın İqtisadiyyat Nazirliyində və İnformasiya Texnologiyaları və Telekommunikasiyalar Assosiasiyasında baş tutmuş görüşlərdə V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların idarə olunması modelini təqdim edib. O, həmçinin Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası barədə ətraflı məlumat verib və Komissiyanın elektron platforması olan “azranking.az” ilə bağlı xüsusi təqdimatla çıxış edib.

Estoniya Biznes və İnnovasiya Agentliyində (EBİA) keçirilmiş görüşdə qurumun idarə heyətinin üzvü Sigrid Harjo Agentliyin fəaliyyəti, xüsusilə də  “Enterprise Estonia”, “İnvest in Estonia”, “Startup Estonia” və “e-Residency” layihələri barədə məlumat verib. V.Qasımlı da, öz növbəsində, bu istiqamətlər üzrə Azərbaycanın potensialından, İİTKM-də bu sahələrdə görülən işlərdən danışıb, ölkəmizin uğurlu təcrübələrini bölüşüb. “Startup Estonia”nın rəhbəri Eve Peeterson ilə keçirilmiş görüşdə isə startap sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

V.Qasımlı səfər çərçivəsində bu ölkənin tanınmış beyin mərkəzlərinin rəhbər şəxsləri ilə də görüşüb. Estoniya Parlamentinin nəzdində fəaliyyət göstərən Proqnoz Mərkəzinin (Foresight Centre) direktoru Tea Danilov və Praxis Sosial Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Urmo Kübar rəhbərlik etdikləri qurumlar barədə məlumat veriblər. V.Qasımlı da İİTKM-in Azərbaycanda samballı beyin mərkəzlərindən biri kimi qəbul edildiyini, ölkədə aparılan iqtisadi islahatlar prosesinin əsas drayverlərindən olduğunu, xüsusilə də dövlət proqramları və strategiyalarının monitorinq və qiymətləndirilməsində institusional təcrübəyə malik olduğunu bildirib.

V.Qasımlı “e-Estonia” Brifinq Mərkəzində də olub. O, burada proqram idarəçiliyində rəqəmsal həllərin və süni intellektin tətbiqi sahəsində Estoniya təcrübəsi ilə tanış olub, bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az