15 avqust 2023, 09:47

Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi "İnsan kapitalı" işçi qrupunun 2023-cü ilin birinci yarımilinin ilkin nəticələri ilə bağlı videokonfrans formatında növbəti iclası keçirilib.

"İnsan kapitalı" işçi qrupunun rəhbəri işçi qrupun 2023-cü ilin birinci yarımili ərzindəki ümumi fəaliyyəti, tədbirlər planının icra vəziyyəti, o cümlədən, Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən işçi qrupa Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin müzakirəsinin təşkil edilməsi və nəticələri üzrə zəruri tədbirlərin görülməsi tapşırığı ilə bağlı ətraflı məlumat verib, həmçinin qarşıda duran məsələlər barədə çıxış edib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq işçi qrupun katibi C.Hüseynli çıxış edərək, qlobal indekslərə daxil olan 27 indikator üzrə ümumilikdə görülməsi nəzərdə tutulan 61 tədbiri özündə ehtiva edən Fəaliyyət Planı barədə ətraflı məlumat verərək, bunun “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası” ilə vəhdət təşkil etməsinin xüsusi olaraq diqqətə alınmasının vacibliyini vurğulayıb. Həmçinin, nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin cari vəziyyəti, o cümlədən ölkəmizdə cari ilin ilk altı ayı ərzində elm və təhsil sahələrində qəbul edilmiş və insan kapitalının inkişafına xüsusi xidmət edən bir sıra yeni hüquqi aktlar və onların əhatə dairəsi barədə məlumat verib.

"İnsan kapitalı" işçi qrupunun sonuncu iclasında qəbul edilən, dövlət tərəfindən təhsilə digər mənbələrdən də çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsi ilə bağlı qərara müvafiq olaraq Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri E.Hacı ətraflı məlumat verib. O, son illər üzrə beynəlxalq hesabatlardakı bir şagirdə düşən xərclərlə bağlı statistik məlumatların təhlil edildiyini və qeyd olunan yeni məlumatların təqdim edilməsi nəticəsində UNESCO-nun Təhsil İnstitutu tərəfindən dərc edilən yeni hesabatlar üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti və əldə edilmiş ilkin nəticələrin təhlili ilə bağlı təqdimatla çıxış edib.

Yekunda iclas iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az