09 avqust 2023, 09:34

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin qarşılıqlı səfirləri, Özbəkistanın araşdırma mərkəzlərinin, ayrı-ayrı dövlət qurumları və nazirliklərinin nümayəndələri, Azərbaycanın millət vəkilləri və araşdırmaçıları iştirak ediblər.

Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivlərinə həsr olunmuş tədbirdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi, habelə onların həyata keçirilməsi üçün konkret təklif və təşəbbüslərin işlənib hazırlanması kimi məsələlər müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafında xüsusi rolu olduğu vurğulanıb. Azərbaycan və Özbəkistanın bir sıra sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın inkişafında ortaq maraqlara malik olduğu qeyd edilib.

Dəyirmi masanın iştirakçıları “Özbəkistan-Azərbaycan münasibətləri: müasir imkanlar və perspektivlər” və “Orta Asiya və Azərbaycan: sabitlik və davamlı inkişaf naminə qarşılıqlı əlaqələr” mövzusu ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində avqustun 7-də İİTKM-də də olublar, burada qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az