08 avqust 2023, 14:01

Prezident İlham Əliyevin 5 avqust 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC ləğv edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Şəbnəm Məmmədli Fərmandan irəli gələn məsələləri şərh edib.

Ş.Məmmədli bildirib ki, Fərmana əsasən, “Azalternativenerji” MMC-nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra qalan əmlakı özəlləşdirməyə açıq elan edilib.

Azərbaycan Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə yaradılmış “Azalternativenerji” MMC-nin əsas fəaliyyət istiqamətləri bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində kəşfiyyat, işlənmə, enerji istehsalı, nəqli, paylanması, eləcə də, enerji alınması üçün avadanlıq, qurğu və obyektlərin layihələndirilməsi, istehsalı, tikintisi, istismarı və infrastruktur təminatı üzrə işləri əhatə edirdi. Eyni zamanda, MMC bir sıra sosial obyektlərdə quraşdırılmış günəş enerjisi sistemlərinin istismarını və idarə edilməsini də həyata keçirirdi.

Müvafiq Fərmandan irəli gələrək, əmlakın özəlləşdirilməsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.

Ş.Məmmədli bildirib ki, bu kimi tədbirlər iqtisadiyyatda dövlətin bilavasitə iştirakının optimallaşdırılması, strateji sahələr istisna olmaqla, dövlət mülkiyyətində olan aktivlərin mərhələli şəkildə özəlləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə dövlət resurslarına olan tələbat və risklərin azaldılmasına xidmət edəcək.

Həmçinin, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində iqtisadi səmərəliliyin yüksəldilməsi, idarəetmənin yaxşılaşdırılması və şəffaflığın artırılması kimi tədbirlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da öz əksini tapıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az