03 avqust 2023, 14:06

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı və “Networking Azerbaijan” təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə qurumların qarşılıqlı əlaqələri və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, biznes şəbəkələri ilə əməkdaşlıq portalın imkanlarının daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin “Networking Azerbaijan” təşkilatı tərəfindən həyata keçirilən işlərin dövlət və özəl tərəfdaşlıq modeli üçün uğurlu nümunə olduğunu vurğulayıb.

Daha sonra “Networking Azerbaijan” təşkilatının həmtəsisçisi Orxan Hacıyev “Azexport” portalı tərəfindən yaradılan imkanların təşkilatın üzvlərinə daha yaxından təqdim olunmasında və xarici bazarlara çıxış istiqamətində dəstək göstərilməsində maraqlı olduqlarını qeyd edib. Bununla yanaşı, tədbirdə “Amazon”, “eBay”, “Alibaba” və “Payoneer” kimi rəqəmsal imkanlar təqdim edən platformalardan istifadəyə dair birgə maarifləndirmə tədbirlərinin təşkili imkanları müzakirə olunub.

Sonda “Networking Azerbaijan” təşkilatının nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlar üçün yaradılan imkanlarla tanış olublar.

Qeyd edək ki, “Azexport” portalı Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə “Amazon”, “Alibaba”, “eBay” və “Aqroserver” kimi 15-dək beynəlxalq elektron ticarət platforması ilə əməkdaşlıq edir. Bu platformalarda “Azexport” vasitəsilə təmsil olunmaq istəyən sahibkarlar portala müraciət edə bilərlər. Portal tərəfindən təqdim olunan xidmətlər ödənişsizdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az