Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan MR-nin Nazirlər Kabineti, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələri, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, onun müavini Rəşad Hüseynov və şöbə əməkdaşları iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilib.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.
Ölkə başçısının tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli Sərəncamı imzalanıb.