Hökumətin antiinflyasiya siyasəti barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı "Report"a eksklüziv müsahibəsində danışıb. Həmin müsahibəni təqdim edirik.
Hazırda qlobal iqtisadi artımın yavaşıması fonunda yüksək inflyasiya çağırışı dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycandan da yan keçməyib. Buna baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın qeyri-neft sektoru sürətlə böyüyür və ölkənin maliyyə göstəriciləri yaxşılaşır.
Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması barədə iyulun 15-də Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
- Azərbaycanda inflyasiyanın əsas səbəblərini necə qruplaşdırmaq olar?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında üç dəfədən çox böyüməklə 2020-ci ildəki böyük qələbəmizin maddi əsasını təşkil edən milli iqtisadiyyatımızın qarşısında yeni dövrdə daha böyük nailiyyətlər əldə etmək üçün yüksək trayektoriyada davamlı artım hədəfləri qoyulub. Bu mənada 2023-cü ildən başlayaraq, Azərbaycanda iqtisadi artım və inflyasiya sahəsində vəzifələr həll ediləcək. Cənab Prezident 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə qeyd etdi ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Eyni zamanda ölkə başçısı hökumətə ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verməyi tapşırdı.
Hausman, Rodrik və Velaskonun artım diaqnostikası yanaşmasına görə, “qərar ağacı” qursaq, iqtisadi artımda əsas çağırışı özəl sərmayənin gəlirlilik səviyyəsi və maliyyənin qiymətində axtarmalıyıq. Təhlil göstərir ki, inflyasiyanın ikirəqəmli olmasının səbəblərini üç blokda – real iqtisadi şərait, fiskal və monetar siyasət üzrə qruplaşdırmaq olar. Birincisi, iqtisadiyyatın real sektorunda məhsuldarlığı artırmaqla rəqabətqabiliyyətli təklifi ucuzlaşdırmaq mümkündür. İkincisi, dövlət xərcləmələrinin iqtisadi artımı daha çox dəstəkləməsi üçün mexanizmlər barədə düşünə bilərik. Üçüncüsü, iqtisadiyyatın maliyyələşmə şərtlərinin daha da yumşalmasına nail olmaq mümkündür.
Böyük Qayıdış, müdafiə və milli təhlükəsizlik, sosial istiqamət üzrə artan xərclər məcmu tələbi təşviq edir və buna uyğun olaraq məcmu təklif də stimullaşmalıdır ki, tarazlıq yaransın və inflyasiya cilovlansın. Qeyri-neft sektorunun 1/3-i həddində olan dövlət təşviqinə (vergi, gömrük, kredit güzəştləri, subsidiya və dövlət satınalmaları) uyğun olaraq qeyri-neft sektorunda özəl sərmayə cəlbi dayanıqlığı təmin edə bilər. Monetar siyasət isə məzənnə və faiz kanalı üzərindən inflyasiyanı cilovlayır.
- Azərbaycanda inflyasiya qlobal və regional müqayisədə necə görünür?
- Beynəlxalq Valyuta Fondu (IMF) dünya üzrə inflyasiyasının 2022-ci ildəki 8,7 %-dən 2023-cü ildə 7 %-ə düşəcəyini proqnozlaşdırır, Azərbaycanda da inflyasiya ötən il qeydə alınan 13,9 %-dən bu ilin ilk altı ayında 12 %-ə qədər enib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması və dünya əmtəə bazarlarında qiymətlərin enməsi Azərbaycanda da inflyasiyanı səngidən əsas amillərdir.
Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, bu ilin mayında aylıq əsasda əmtəə qiymətləri 8,6 %, o cümlədən enerji qiymətləri 11,3 %, qeyri-enerji qiymətləri isə 3,6 % azalıb. Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələri ilə müqayisədə Azərbaycanda inflyasiya orta həddə yaxındır. Belə ki, inflyasiya Qazaxıstanda bizdən çox, Gürcüstanda isə aşağıdır.
- İnflyasiyanın dərin makroiqtisadi səbəbi nədir?
- İnflyasiya simptomdur, iqtisadiyyatın dərinliklərində gedən proseslərin təzahürüdür. Hazırda Azərbaycanda qeyri-neft sektorunda faktiki ÜDM potensial ÜDM-dən yüksəkdir, başqa sözlə, iqtisadiyyatda “hərarət artıb” və qeyri-neft ÜDM-nin buraxılış kəsiri müsbət zonadadır. Qeyri-neft ÜDM-nin müsbət buraxılış kəsiri onu göstərir ki, əmtəə və xidmətlərə iqtisadiyyatın maksimum dayanıqlı səviyyədə istehsal edə biləcəyindən daha yüksək tələb var. Dövlət dəstəyilə məcmu tələb genişlənir, gərək milli iqtisadiyyatda yaratdığımız məcmu təklif də buna cavab versin ki, inflyasiya həddi tarazlaşsın.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına görə, dünyada rəqabətin zəifləməsi inflyasiyanın sürətlənməsinə təsir göstərir. Hazırda iqtisadiyyatın əsas məsələsi məhsuldarlığın artırılmasıdır ki, bu da ciddi struktur islahatlarından keçir. Məsələn, IMF-in hesablamalarına əsasən, Azərbaycan Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu istqamətdə daha böyük potensialı olan ölkədir.
Harvardda “Growth Lab”ın hesablamalarına görə, Azərbaycan İqtisadi Mürəkkəblik İndeksini (ECI) də sürətləndirmək potensialına malikdir. Biz elə etməliyik ki, Azərbaycan gəlir səviyyəsinə görə gözləniləndən daha çox mürəkkəb (deməli, həm də rəqabətqabiliyyətli) iqtisadiyyata malik olsun. Bu yolla, Harvard metodologiyasına əsasən iqtisadi artımı sürətləndirə bilərik.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesablamalarına görə, Azərbaycanda iqtisadi artıma özəlləşdirmə 3,7 %, korporativ idarəetmə 0,9 %, qiymət liberallaşması 0,2 %, ticarət və foreks 0,5 % və rəqabət islahatları 0,4 %, həmçinin Dünya Bankının hesablamalarına görə, idarəetmə islahatları 1,1 % təsir göstərə bilər. Sadalanan kompleks islahatların iqtisadi artımı 6,8 % sürətləndirmək potensialı var ki, bu da cənab Prezidentin qarşıya qoyduğu hədəf – iqtisadi artımın yüksək trayektoriyaya keçmək vəzifəsini təmin edə bilər. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sadalanan islahat istiqamətlərini əhatə edir və uğurla icra olunur. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan hesab edirdi ki, “suyun qabarması bütün gəmiləri qaldırır”, başqa sözlə, iqtisadi yüksəliş bütün problemlərin açarıdır.
- Azərbaycanda inflyasiyaya idxal qiymətlərinin təsirini necə qiymətləndirirsiniz?
- 2023-cü ilin ilk dörd ayında Azərbaycanda idxal qiymət indeksi 120,5 % olub, yəni idxal qiymətləri 20,5 % bahalaşıb. Müqayisə üçün deyək ki, Azərbaycanın bu ilin yanvar-aprel aylarında ixrac qiymət indeksi nəinki artmayıb, əksinə azalıb və 82,9 %-ə düşüb. Əksər mal qrupları üzrə eyni məhsulun idxal qiymət indeksi ixrac qiymət indeksini üstələyir.
İndiki halda şəffaflaşma və ağartma prosesləri çərçivəsində vergi və gömrük sistemlərinin inteqrasiyası Azərbaycana idxal olunan malın daxili bazarda satışına qədər qiymətin əmələ gəlməsi prosesini izləmək imkanı yaradır. Bu da imkan verir ki, sahibkarların maliyyə “mühəndisliyi” edərək və idxalda daha yüksək qiymət rəsmiləşdirməsinə gedərək daxili bazarda vergi yükünü azaltması imkanları araşdırılsın.
- Ərzaq inflyasiyası haqqında nə demək mümkündür?
- Ərzaq qiymətləri içərisində heyvandarlıq məhsulları ənənəvi olaraq bitkiçilik məhsullarına nisbətən daha yüksək qiymətədir. Burada əsas səbəb sənaye üsulu ilə istehsal və müasir logistikanın çatışmazlığı, eyni zamanda təbii şəraitdir. Məlum olduğu kimi, qlobal ərzaq qiymətlərində kəskin artımın baş verdiyi 2019-2021-ci illərdə hökumət tərəfindən daxili bazarda qiymət artımlarının minimallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Məsələn, bunlara istehlak bazarlarına inzibati nəzarətin gücləndirilməsi, idxal edilən xammal və materialların ƏDV və gömrük rüsumlarından azad edilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması üçün sahibkarlara ucuz kreditlərin verilməsi, həmçinin bəzi ərzaq və yem məhsulları üzrə ixracın məhdudlaşdırılması kimi tədbirləri aid etmək olar.
Azərbaycanda təzə meyvə-tərəvəz məhsullarının sahədən satış qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq ilə bağlı ətraflı məlumatları Kənd Təsərrüfatı Nazirliyinin Qiymət İnformasiya Portalından əldə etmək mümkündür. Portalın məlumat bazasına əsasən, təzə meyvə-tərəvəz məhsullarının sahədən satış qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq yaranır və bu göstərici Avropa İttifaqı və ABŞ-da olandan çox deyil.
Təzə meyvə-tərəvəz məhsullarının sahədən satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı fərq mövsümdən, məhsulun çeşidindən, istehsal yerindən və logistika xərclərindən asılı olaraq dəyişir. Bu, əsasən meyvə-tərəvəz məhsullarının tez xarab olması, saxlanma və daşınma şərtləri kimi spesifik xüsusiyyətləri ilə bağlı olmaqla, bütün dünya ölkələri üçün xarakterikdir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının sahədən satış və pərakəndə satış qiymətləri arasındakı fərqlərin azaldılması istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən biri kimi 2022-ci ildən etibarən tətbiq edilən ƏDV-nin ümumi topdansatış dövriyyəsinə görə deyil, yalnız ticarət əlavəsindən hesablanması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyi qeyd etmək olar. Bu vergi tənzimlənməsi kənd təsərrüfatı məhsulları üzrə tədarük və satış logistikasının inkişafını stimullaşdırmaqla, tədarükçülərin və pərakəndə satıcıların xərclərinin azaldılmasına şərait yaradaraq kənd təsərrüfatı məhsullarının ticarət əlavəsinin azaldılmasına xidmət edir. Ən əsası isə bu siyasət kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafına investisiya qoyuluşunu və müasir bazar institutlarının yaradılmasını stimullaşdırmış olur.
- Azərbaycanda dövlət dəstəyinin inflyasiyanı cilovlaması üçün hansı mexanizmlərdən istifadə edilir?
- Təkcə fiskal genişlənmə deyil, həm də dövlət sektorunun və dövlət xərcləmələrinin səmərəliliyinin və ünvanlılığının artırılması ilə bir yandan iqtisadi artım, digər yandan isə inflyasiyanın optimallaşdırılması siyasəti yürüdülür.
Cənab Prezidentin son dövrlər dövlət proqramlarının təsdiqi zamanı maliyyələşmə mənbələri və monitorinq və qiymətləndirmə sahəsində verdiyi tapşırıqlar, eyni zamanda ortamüddətli xərclər çərçivəsi sahəsində aparılan islahatlar onu deməyə əsas verir ki, Azərbaycan proqram idarəetməsinə keçid edir. Nəticəyə əsaslanan proqram idarəetməsi və dövlət aktivlərinin daha səmərəli istifadəsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırır və inflyasiyanı daha uzunmüddətli dönəmdə optimal hədəf dəhlizinə qaytarmaq imkanına malikdir.
- Monetar siyasət inflyasiya ilə mübarizədə hansı rola malikdir?
- Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu təklifə deyil, məcmu tələbə təsir göstərməklə inflyasiyanı tənzimləmək imkanlarına malikdir. Məsələn, məcmu təklifin əsas inflyasiya yaradan amili idxaldır ki, 2023-cü ilin ilk beş ayında 20 %-dən çox bahalaşıb və Mərkəzi Bankın inflyasiya idxalına birbaşa təsir imkanı məhduddur. Məcmu tələb amillərinə isə əsasən özəl istehlak və özəl investisiyalar, eləcə də dövlət xərcləri daxildir.
Gəlin Mərkəzi Bankın transmissiya gücünün birinci həlqəsinə nəzər yetirək. AMB sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi faiz dəhlizinin dəyişiminə reaksiya verərək ötən ilin sentyabrından bəri 2,67 faiz bəndi, cari ilin əvvəlindən bəri isə 1,72 faiz bəndi qalxıb. Eyni zamanda AZIR (Azerbaijan Interbank Rate) - "Bloomberg" ticarət platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin ortaçəkili faiz dərəcəsini əks etdirən indeks də ilin əvvəlindən 0,68 faiz bəndi artıb.
Transmissiyanın ikinci həlqəsində banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir. Azərbaycanda monetar siyasətin şərtlərinin sərtləşməsinə uyğun olaraq depozit və kredit faizləri də yüksəlir, deməli, transmissiyanın ikinci həlqəsi də effektivdir.
Monetar siyasət təkbaşına inflyasiyanın hədəf diapazonuna qaytara bilməsə də, transmissiya gücünü həm banklararası bazarda, həm də kredit faizlərində göstərir. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi və bazarda kredit faizləri arasında spredin optimallaşdırılması üçün maliyyə-bank sahəsində institutsional və struktur islahatları davam etdirilir. Çünki əlverişli şərtlərlə maliyyə əlçatarlığının təmin edilməsi isə inflyasiyanın səngiməsinə xidmət edir.
Azərbaycan monetar və məzənnə siyasətinin institutsional inkişafı baxımından böyük potensiala malikdir. Pul siyasətinin təkmilləşdirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq “İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması” çərçivəsində həyata keçirilir. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaq.
- Hökumətin antiinflyasiya siyasətinin növbəti addımları nədən ibarət ola bilər?
- Təhlil göstərir ki, yüksək inflyasiya nəticədir və iqtisadiyyatda hansısa nasazlıqların olduğunu göstərir. Buna görə də daha dərin təhlil əsasında inflyasiyanın əsas səbəbləri müəyyənləşdirilməli və həll olunmalıdır. Yüksək inflyasiya çağırışına vaxtında cavab verməmək iqtisadi problemin dərinləşməsi və imkanların itirilməsi deməkdir. Azərbaycanda inflyasiya məsələsi həmişə makroiqtisadi sabitliyin tərkib hissəsi olaraq diqqət mərkəzində olub və inflyasiya ilə uğurlu mübarizə üzrə institutsional yaddaşımız var. Nazirlər Kabinetinin “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” 15 iyul 2023-cü il tarixli Sərəncamı da bu məsələnin həllinə kömək olacaq və hökumət inflyasiyanı optimal həddə endirəcək. Sərəncama əsasən, müvafiq işçi qrupu ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatı Nazirlər Kabinetinə təqdim edəcək.
Eyni zamanda İqtisadi Şuranın iclasında valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər geniş müzakirə olunub.