İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın iyul sayına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin yanvar-iyun ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.