Dünya İqtisadi Forumunun “Səmərəli Enerji Keçidinin Təşviqi-2023” hesabatı açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Günay Quliyeva hesabatı şərh edib. O bildirib ki, hesabatda Azərbaycan 32-ci pilləyə irəliləyib. Bu irəliləyiş Azərbaycanda maliyyə investisiyaları, infrastruktur və innovasiyalar da daxil olmaqla, enerji keçidinə hazırlığın əsas parametrləri üzrə görülən tədbirlərin nəticəsidir.
G.Quliyevanın sözlərinə görə, “Səmərəli Enerji Keçidinin Təşviqi” adlı illik hesabatda 120 ölkənin dayanıqlı və səmərəli enerji sisteminə doğru irəliləmək üçün göstərdiyi səylər qiymətləndirilir. Hesabatda son 10 il ərzində ən yüksək irəliləyiş göstərən ölkələr sırasında olan Azərbaycanın iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olduğu vurğulanır.
Hesabatda qeyd edilir ki, aparıcı enerji istehsalçısı olan Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan mənbələrə əhəmiyyətli sərmayələr yatırmaqla, tükənən yanacaqlardan asılılığı azaltmaqla və enerji portfelini şaxələndirməklə öz nəhəng enerji resurslarından strateji şəkildə istifadə edir. Bütün bu səylər sayəsində Azərbaycan qlobal enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.
Qeyd edək ki, Azərbaycan 2022-2023-cü illər arasında Enerji Keçid İndeksində ən yüksək irəliləyiş edən ölkələr sırasındadır. Bu nailiyyət Enerji Keçid İndeksində qlobal orta göstəricini üstələyən Azərbaycanın enerji keçidinə fəal yanaşmasını əks etdirir.
G.Quliyevanın sözlərinə görə, enerji təhlükəsizliyi bütün dünyada hökumətlər və iqtisadi oyunçular üçün əsas narahatlıq olaraq qalır və onun təsiri təchizat zəncirlərində, ölkələrdə və beynəlxalq sistemlərdə əks olunur. Bildirilir ki, Azərbaycan Səudiyyə Ərəbistanı və BƏƏ kimi digər əsas yanacaq ixracatçıları ilə birlikdə öz qaz ehtiyatları ilə səmərəli davranması nəticəsində enerji təhlükəsizliyində yüksək göstəriciyə malikdir.
Digər tərəfdən, Azərbaycan Çin, Vyetnam, Bosniya və Herseqovina kimi bərpa olunan enerjiyə ÜDM nisbətində ən çox investisiya yatıran ölkələr sırasındadır.
Əlavə olaraq, hesabatda qeyd edilir ki, Azərbaycan enerji keçidinə hazırlıq infrastrukturunun qurulması istiqamətində göstərdiyi güclü səylərə görə bu il reytinqlərdə əhəmiyyətli dərəcədə yüksəlib.