Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyini açıqlayıb. Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında Dünya Bankının “Business-Ready” hesabatı ilə bağlı yerinə yetiriləcək tədbirlər haqqında məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarısı üzrə icra vəziyyətinə dair məruzələr dinlənilib. Müvafiq tədbirin icrası üzrə elektron məlumat kitabçasının hazırlandığı, aidiyyəti qurumların rəy və təklifləri əsasında təkmilləşdirildiyi diqqətə çatdırılıb.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarımili üzrə icra vəziyyətinə dair hesabat təqdim edilib. Sahibkarlar arasında məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb. ETŞ-yə qoşulmalar üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib və onlayn qoşulmaların sayında yeni artımın qeydə alındığı bildirilib.
ETŞ-yə qoşulma prosedurlarının qiymətləndirilməsi üçün bu sahədə ixtisaslaşmış şirkət tərəfindən müvafiq sorğunun keçirilməsi barədə məlumat verilib. Aparılmış sorğunun nəticələri nəzərdən keçirilib, işçi qrupu tərəfindən sorğu vərəqələrinin qiymətləndirilməsi, ETŞ-yə qoşulma ilə bağlı istehlakçı hüquqlarının qorunması məsələləri müzakirə edilib.
Sonda Dünya Bankının “Business-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik enerji təchizatı-EET)” indikatoru üzrə sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.
İclasda işçi qrupuna üzv olan aidiyyəti qurumların nümayəndələri iştirak edib.