İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin elektron formada aparılmasının təmin edilməsi məqsədi ilə yaradılan “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib.
Hibrid formatda keçirilən təlimlərdə Dövlət Proqramının icrasında iştirak edən 44 dövlət qurumunun 200-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən Portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda bir neçə tapşırığın icrası test edilib. Təlimləri İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun baş məsləhətçisi Coşqun Cəfərov və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin əməkdaşları həyata keçiriblər.
Qeyd edək ki, Baş nazirin sərəncamı əsasında İİTKM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin həyata keçirilməsi məqsədi ilə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın yaradılmasını həyata keçirir.