19 iyun 2023, 15:23

Baş nazir Əli Əsədov Prezidentin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında (MR) Prezidentin səlahiyyətli nümayəndəliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) iki ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il iyulun 1-dək isə 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Sərəncama əsasən, İİTKM 3 ay müddətində Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Naxçıvan MR-nin sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını təmin etməlidir.

Bundan başqa, Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı qurumlar obyektlər üzrə icra müddətlərini, layihələrlə bağlı məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etməlidirlər.

Tapşırığa əsasən, İİTKM Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər ilin mart ayının 25-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatlar isə Nazirlər Kabinetinə 2025-ci və 2028-ci illərin mart ayının 25-dək təqdim olunmalıdır. Proqramın icraçı qurumları 10 gün ərzində rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri təyin edərək Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Əsas icraçı qurumlar məlumatların monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə rübdə bir dəfə, növbəti ayın 15-dək, ilin yekunları barədə məlumatların isə hər ilin yanvar ayının 25-dək Modulda yerləşdirilməsini təmin etmək üçün İİTKM-ə təqdim etməlidir.

Sərəncamın icrasına nəzarəti Nazirlər Kabinetinin Aparat rəhbəri və Regionların inkişafı şöbəsi həyata keçirəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az