İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatının təqdimatında çıxış edib. Təqdimatın “Qlobal və regional iqtisadi yavaşımanın Azərbaycana təsiri” adlı panel müzakirəsində çıxışı zamanı Vüsal Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə yüksək artım trayektoriyasına keçidi üçün islahatlar davam etdirilir: “AYİB-in hesablamalarına görə islahatlar iqtisadi artım tempini 5 faizdən çox sürətləndirə bilər. Azərbaycanda ümumi yığım ÜDM-nin 33 faizini təşkil etməklə, orta dünya göstəricisi olan 27 faizi üstələyir. Buna baxmayaraq, 2021-ci ildə ölkədə ümumi kapital yığımı (gross capital formation) ÜDM-nin 17 faizini təşkil edib ki, bu da dünya üzrə orta göstəricidən aşağıdır. Azərbaycanda orta dünya göstəricisi ilə müqayisədə yığımın çox, investisiyanın az olması potensial sərmayə qoyuluşu üçün imkanların olduğunu göstərir. Ümumiyyətlə, iqtisadiyyatın kapital yığımı nə qədər yüksək olarsa, iqtisadiyyat öz məcmu gəlirini bir o qədər sürətlə artıra bilər. Yeni iqtisadi model daha çox özəl sərmayə və səmərəliliyi hədəfləyir.”
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov hesabatın önəmi barədə danışıb və deyib ki, hesabata dair təqdimatın Azərbaycanda ilk dəfə keçirilməsi əlamətdar hadisədir. “Hesabatda inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirilməklə, qlobal iqtisadi hadisələr və perspektivlər araşdırılır. Bu baxımdan sənəd mühüm praktik əhəmiyyətə malikdir. Hesabat iqtisadi idarəetmə, biznes, investorlar, maliyyə-bank sektoru üçün vacib məlumat mənbələrindən biridir”- deyə o, qeyd edib.
Təqdimatda qlobal çağırışlara adekvat yanaşma, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin olunması, azad edilmiş ərazilərimizin bərpası və reinteqrasiyası məqsədilə həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və digər dövlət proqramları çərçivəsində görülən işlər barədə məlumat verilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısına, beynəlxalq əhəmiyyətli nəqliyyat və logistika qovşaqlarına çevrildiyi, ölkəyə strateji investorların marağının əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, “Qlobal İqtisadi Perspektivlər” hesabatının meneceri Franziska Ohnsorge də çıxışlar ediblər.