14 iyun 2023, 14:57

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birlikdə “Türk iqtisadi icmalı”nın 2023-cü ilin ilk sayını səkkiz dildə təqdim edib. Budəfəki statistik bülleten 2023-cü ilin yanvar-mart ayları üzrə əsas iqtisadi göstəricilər ilə yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin təklifi ilə türk dünyasının şərti sxematik nəqliyyat dəhlizlərinin xəritələrini də ehtiva edir.

İcmalın cari il üzrə birinci sayı iki bölmədən ibarətdir. Birinci bölmədə TDT-nin üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ÜDM artımlarının müqayisəsi aparılıb. Həmçinin, türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib. O cümlədən, İcmal TDT-ə daxil olan üzv və müşahidəçi ölkələri bütövlükdə əhatə edərək ümumilikdə 8 dildə təqdim olunub.

İcmalın ümumi baxış statistikasında göstərilib ki, 2021-ci il üzrə türk dövlətlərində ÜDM 1 383,0 milyard ABŞ dolları, ticarət dövriyyəsi isə 855,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin ilk rübündə Özbəkistan iqtisadiyyatı 5,5 faiz, Qazaxıstan iqtisadiyyatı 4,9 faiz, Qırğızıstan iqtisadiyyatı 4,6 faiz, Türkiyə iqtisadiyyatı 4 faiz, Azərbaycan iqtisadiyyatı isə 0,4 faiz böyüyüb. TDT-də müşahidəçi qismində təmsil olunan Macarıstanda isə hesabat dövründə 0,9 faiz iqtisadi geriləmə qeydə alınıb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 75,1 faizlə Türkiyə olub. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ilin ilk rübündə 53 811,7 milyon ABŞ dolları olaraq qeydə alınıb. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 4 757,7 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 4 209,5 milyon ABŞ dolları) malik olub. 2023-cü ilin ilk rübü ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib. Qeyd edək ki, İcmalın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin ilk rübü üzrə, Şimali Kipr Türk Respublikası isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə təqdim olunub.

“Türk iqtisadi icmalı”nın budəfəki sayında ilk dəfə olaraq türk dünyasından keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də göstərilib. Nəqliyyat dəhlizlərinin arteriyalar üzrə şaxələndirilməsi Avrasiya regionunda nəqliyyat daşımalarında türk dünyasının mövcud potensialından xəbər verir.

“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən http://bitly.ws/Ipfr,

ingilis variantı ilə bu linkdən http://bitly.ws/IpfC,

rus variantı ilə bu linkdən http://bitly.ws/IpfI,

türk variantı ilə bu linkdən http://bitly.ws/Ipfw,

macar variantı ilə bu linkdən http://bitly.ws/Ipg4

özbək variantı ilə bu linkdən http://bitly.ws/IpfK,

qazax variantı ilə bu linkdən http://bitly.ws/IpfQ  

və qırğız variantı ilə isə bu linkdən http://bitly.ws/IpfW tanış olmaq mümkündür.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az