30 may 2023, 10:34

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun iclası keçirilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə alt qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi və Energetika nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM), bir sıra beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr və cari ilin qalan dövrü üzrə fəaliyyət istiqamətləri, o cümlədən ESG elementləri ilə bağlı yerli qanunvericilik bazası və mövcud tələblər, qabaqcıl ölkələrin təcrübəsi, müvafiq sahədə bilik və məlumatlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər müzakirə edilib. İcra prosesinin effektiv təşkili məqsədilə informasiya mübadiləsinin genişləndirilməsi, özəl sektoru təmsil edən maraqlı tərəflərin prosesə daha fəal cəlb edilməsi və mövcud platformadan istifadə edilməklə ESG ilə bağlı təşəbbüslərin irəli sürülməsi barədə tövsiyələr verilib. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az