17 may 2023, 11:57

Son dövrlərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik, rəqabətqabiliyyətli məhsul istehsal edən sənaye parklarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bunun nəticəsi olaraq, bu gün Azərbaycanda sənaye parkları və sənaye məhəllələri iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır.

Sənaye parklarının fəaliyyətinin düzgün təşkili onların beynəlxalq reytinqinə də müsbət təsir göstərir. Belə ki, bu günlərdə “BIK Ratings” reytinq agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı və Qaradağ sənaye parkları 40 sənaye parkı arasında ilk onluqda yer alıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “vergiler.az”a sənaye parklarının fəaliyyəti və reytinqdə yer alması ilə bağlı fikirlərini bölüşüb.

- Sənaye parklarının ölkə iqtisadiyyatına investorların cəlb edilməsi ilə bağlı imkanlarını necə dəyərləndirmək olar?

- Qloballaşma və inteqrasiya prosesləri, güclü rəqabət ilə xarakterizə olunan müasir dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi strategiya çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan genişmiqyaslı islahatlar ölkənin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ciddi sənaye potensialı formalaşdırılıb, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Mingəçevir də sənaye mərkəzlərinə çevrilib. Ulu Öndərin strategiyasını uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib və beləliklə, sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub.

Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki,
sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun
davamlı inkişafını təmin etmək və əhalinin istehsal
sahəsində məşğulluğunu artırmaq imkanına malikdir

Bu gün ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonlarında yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları olmaqla 6 sənaye parkı və Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri olmaqla 4 sənaye məhəlləsi, həmçinin 50-ə yaxın aqropark fəaliyyət göstərir. Onu da qeyd edək ki, Azərbaycanda sənaye parklarının yaradılmasına başlanmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına və inkişafına xüsusi yer verirlər. Türkiyə, Almaniya, Polşa, Çin və Cənubi Koreya kimi dövlətlərin təcrübələri sübut edir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac imkanlarını artırır, rəqabət qabiliyyətini gücləndirir, idxalı əvəz edən məhsulların istehsalını artırmağa münbit şərait yaradır, regionda məşğulluğun təmini, investisiyaların, qabaqcıl təcrübənin və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Təbii ki, sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye parkı sahələri mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir, keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olur. Bütün bunlar investisiya cəlbediciliyini artırır, investisiya layihələrinin inkişafına təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Bu mənada ölkəmizdə sənaye parklarının yaradılması, sənaye məhəllələrinin salınması istiqamətində qəbul edilən qərarlar zamanın tələbindən irəli gələn, zamanla ayaqlaşan yanaşmadır ki, bu da yaxın gələcəkdə öz bəhrəsini daha da ciddi şəkildə göstərəcək.

- “BIK Ratings” reytinq agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısında ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Sizcə, Azərbaycanı bu onluğa çıxaran əsas amillər nələrdir?

- 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdi və bu dövrdən etibarən sənaye sahələrinin inkişafı məsələlərinə daha sistemli və kompleks yanaşılır. Bu gün əldə edilmiş uğurların arxasında dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlər dayanır. 8 ilə yaxın müddətdir ölkəmizdə fəaliyyət göstərən Mingəçevir, Pirallahı, Qaradağ sənaye parklarının yüksək reytinqi həm də daha yaxşı perspektivlər vəd edir. Əvvəla, mən hesab edirəm ki, bizim digər sənaye parkları adıçəkilən parklardan nəinki geridə qalır, hətta bir çox göstəriciləri ilə daha da öndədirlər. O ki qaldı sənaye parklarının fəaliyyətinə təsir edən amillərə, burada infrastruktur təminatı, enerji resurslarına çıxış, tətbiq edilən güzəştlər, sənaye parkına giriş-çıxış imkanları aparıcı mövqe tutur. Təbii ki, sənaye parkının ixtisaslaşması, tətbiq edilən qabaqcıl texnologiya və təcrübəni də danmaq olmaz. Bütün bunlar bir kompleks əmələ gətirəndə nəticə də daha uğurlu olur, reytinq də daha yüksək olur.

Ölkəmizdə sənaye parklarının yaradılması, sənaye məhəllələrinin
salınması istiqamətində qəbul edilən qərarlar zamanın tələbindən
irəli gələn, zamanla ayaqlaşan yanaşmadır ki, bu da yaxın
gələcəkdə öz bəhrəsini daha da ciddi şəkildə göstərəcək

- Azərbaycanda sənaye parklarına müxtəlif vergi və gömrük güzəştləri tətbiq olunur. Bu, ümumi qiymətləndirməyə necə təsir edib?

- Ümumiyyətlə, dünyada sənaye parkları, azad zonalar, yəni xüsusi ayrılmış ərazilər öz təyinatlarına uyğun olaraq, müəyyən güzəştlər təklif edir. Bu mənada Azərbaycanda da, qlobal məkana sürətlə inteqrasiya edən bir ölkə kimi, tətbiq edilən güzəştlərin məqsədi investisiya cəlbediciliyi, parkın (zonanın) tanıdılması kimi məsələlərdir. Bu güzəştlər parkın ümumi inkişafına xidmət edir və əldə olunan nəticələrə təsir göstərir. Yəni güzəştlərin məqsədi sənaye parklarını inkişaf etdirmək, investisiya, sahibkar, rezident cəlb etməkdir. Nəzərə alsaq ki, bazar münasibətləri şəraitində vergilər büdcənin əsas gəlir mənbəyidir, onda vergi güzəştlərinin müəyyən bir mərhələ üçün önəmli olduğunu, yəni müəyyən bir dövrü əhatə etdiyini görərik. Ümummilli lider Heydər Əliyevin “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” ifadəsindən də göründüyü kimi, vergilər büdcənin əsas gəlir mənbəyi olmaqla yanaşı, həm də tənzimləyici, stimullaşdırıcı bir mahiyyət daşıyır.

- Bəs sənaye parklarımızın hansı üstünlüklərini xüsusi qeyd etmək olar?

- Azərbaycanda bütün sənaye parkları və məhəllələri son dərəcə qabaqcıl texnologiyaların tətbiqi ilə, ən müasir infrastruktur təminatı ilə, əlverişli və asan nəqliyyat-kommunikasiya şərtləri ilə fəaliyyət göstərir, ölkəmizdə müasir tələblərə uyğun kadr hazırlığı həyata keçirilir. Bu gün dünyanın aparıcı universitetlərindən məzun olan azərbaycanlılar ən müasir texnika və texnologiyaları səmərəli tətbiq etmək intellektinə malikdir. Sənaye parklarının əsas üstünlükləri bunlar ola bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az