İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev - 100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilmiş Respublika konfransında “Heydər Əliyev strategiyası: tənəzzüldən zəfərə aparan yol” adlı məqalə ilə çıxış edib.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər nəzərdən keçirilir, xüsusilə “Əsrin müqaviləsi”ndən başlayan iqtisadi tərəqqi dövrü geniş təhlil edilir. Ölkədə bazar münasibətlərinin formalaşması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatları, Azərbaycan neftinin dünya bazarına çıxarılması, Böyük İpək Yolunun bərpası və s. kimi proseslərin iqtisadi nəticələri konkret rəqəmlərlə ifadə olunur. Məqalədə Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsi, ölkəmizdə proqram təminatlı inkişafa keçid, davamlı inkişafın təmin olunması, ordu quruculuğu, qlobal məkana inteqrasiya kimi məsələlərə də geniş yer verilir.