Mərkəzi Bankın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı da iştirak edib.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki: “Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi mürəkkəb şəraitdə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir çətin şəraitdə makroiqtisadi sabitliyik təmin olundu, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı, məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrildi. Bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olundu”.
Daha sonra tədbirdə “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilib, iştirakçılara yeni pul nişanları barədə video təqdim olunub. Mərkəzi Bank rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxıldığını elan edib.