02 may 2023, 16:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçukun rəhbərlik etdiyi nümayəndələri qəbul edib.

Görüşdə professor Vüsal Qasımlı ilk olaraq Azərbaycanda aparılan iqtisadi islahatlar və Mərkəzin bu islahatlara töhfə vermək üçün gördüyü işlər barədə məlumatlar verib. O, İİTKM-in iqtisadi və sosial yöndə apardığı tədqiqatlara toxunub və qeyd edib ki, Mərkəzin əməkdaşları hazırda “İslam maliyyəsi” kitabını yekunlaşdırmaq üzrədirlər. İcraçı direktor bu sahədə əməkdaşlıq imkanlarının böyük olduğunu, birgə tədqiqatların aparılmasının, konfrans, seminar və təlimlərin keçirilməsinin ümumi işin xeyrinə olacağını bildirib. 

İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin Baş direktoru Zehra Zümrüt Selçuk rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışaraq, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. O, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə müxtəlif layihələrin icra edilməsi imkanlarını yüksək qiymətləndirib. Həmiçinin iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanması ilə bağlı təkliflə də çıxış edib.

Hədiyyələrin təqdimatının ardınca qonaqlar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az