İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”da təlimlər başa çatıb.
Bu münasibətlə keçirilmiş görüşdə Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva bildirib ki, tələbələr təlim müddətində gələcək işlərini daha səmərəli planlaşdırmaq üçün peşəkar ekspertlərin təcrübələrindən yararlanıblar.
Özmən Sahibkarlıq Mərkəzinin rəhbəri Mehmet Tosun da təlimlərin uğurla yekunlaşdığını və layihədə fərqli sahələri əhatə edən potensiallı startapların yarışdığını bildirib.
Qeyd edək ki, müsabiqədə iştirak üçün “Startup School”a ümumi olaraq 200 layihə müraciət edib. İlk mərhələdə Türkiyə (bu ölkədən 7 layihə qalib olub), ABŞ, İrlandiya və Almaniyadan təqdim olunmuş 33 layihə seçilib. Treninqlər zamanı ABŞ-ın Nevada Universitetinin professorlarının, həmçinin Türkiyə, İsrail, İsveç və Polşadan olan mentorların təlimlərini startapçılar böyük maraqla dinləyiblər.
9 layihənin qalib olması nəzərdə tutulsa da, təlimlərin sonunda ekspertlərin ümumi rəyi ilə qalib 10 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Bu 10 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Sonda xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.
“Startup School”un bütün məzunlarına beynəlxalq sertifikat veriləcək, qaliblər isə ABŞ-da I2B treninqlərində iştirak imkanı qazanacaqlar.
“Startup School”un qalib komandalarının adları ilə layihənin rəsmi səhifəsində (startupschool.az) tanış olmaq mümkündür.
www.enterpriseazerbaijan.gov.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Portal Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!